REGİONLAR
Kürdəmirdə gələn il pambıq sahələri 4000 hektara çatdırılacaq
Kürdəmir, 21 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafına dair verilən tapşırıqların icrası ilə əlaqədar Kürdəmirdə şura iclası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şura iclasını açan rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Kürdəmirin vaxtilə Azərbaycanın böyük pambıqçılıq rayonu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, kürdəmirlilər 1979-cu ildə pambıq planını birinci olaraq ödəyib, tarlalardan 18 min ton məhsul yığıblar. Növbəti ildə isə pambıq istehsalı 25 min tona çatdırılıb.
Natiq, eləcə də digər çıxış edənlər diqqəti Prezident İlham Əliyevin Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrə cəlb edərək, rayonda bu sahənin yenidən dirçəldilməsi, inkişafı üçün böyük imkanların olduğunu bildiriblər.
Şura iclasında cari mövsümdə 1911 hektarda pambıq yetişdirildiyi, artıq 114 tonadək məhsul yığıldığı, tarlaların 1200 hektarında maşınla yığıma son hazırlıq işlərinin aparıldığı qeyd olunub.
Mütəxəssislərin, təcrübəli fermerlərin çıxışlarında rayonda pambıqçılığın inkişaf perspektivlərinin müəyyənləşdirildiyi, bu sahədə böyük potensialın olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, gələn il pambıq əkini sahələrinin iki dəfə artırılaraq 4000 hektara çatdırılması üçün tədbirlər müəyyənləşdirilib.
Şura iclasında Kürdəmirdə pambıqçılığın gələcək inkişafının istiqamətləri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.