REGİONLAR
Kürdəmirdə suvarma kanalları lildən təmizlənir VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə suvarma mövsümünün mütəşəkkil keçirilməsi üçün suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub, kanallar üzərində yerləşən hidrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb və hazırda icra olunur. Bu ilin əvvəlindən indiyə kimi 500 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi Kürdəmir rayonunda 69500 hektardan artıq torpaq sahəsinə xidmət edir. Xidməti ərazidə rayonun 58 kənd və 3 qəsəbəsi mövcuddur. Bundan 38000 hektarı öz axımı ilə, 31500 hektarı mexaniki üsulla suvarılır. Kürdəmirdə suvarma mənbələri Yuxarı Şirvan Kanalı və Kür çayıdır. İdarə tərəfindən suvarma mövsümü ərzində zərurət yarandığı halda Girdimançayda olan Karrar nasos stansiyasının gücündən də istifadə olunur. Digər halda həmin sahələrin də öz axımı ilə suvarılması mümkündür. Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton örtüklü 537 km-dən artıq suvarma kanalı vasitəsilə payızlıq bitkilər suvarılır.
Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 44075 hektar taxıl, 2330 hektar pambıq, 8902 hektar yem bitkiləri, 4677 hektar bostan-tərəvəz, 2620 hektar bağ və üzümlük, 6922 hektar isə həyətyanı sahələr suvarılıb.