REGİONLAR
Kürdəmirdə ümumi məhsul istehsalının həcmi 9 faiz artıb
Kürdəmir, 7 avqust, AZƏRTAC
Kürdəmirdə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən iclasda rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsi dinlənilib, çıxışlar olub. Bildirilib ki, cari ilin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 9 faiz artaraq 210 milyon 155,2 min manata çatıb. Ümumi məhsul buraxılışının 72,8 faizi istehsal sahələrində, o cümlədən 13,3 faizi sənayedə, 53,3 faizi kənd təsərrüfatında olub. Bu müddətdə 559 yeni iş yeri açılıb ki, onun da 534-ü daimidir.
İqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda uğurlu nəticələr qazanıldığı diqqətə çatdırılıb. Bildirilib ki, bu il 11 min 300 hektardan çox sahədə yazlıq bitkilər əkilib, sahələrin becərilməsinə 18 mindən çox işçi cəlb olunub. Əvvəlki illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artıb. Rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülür. Bu il 2809,2 hektar sahədə pambıq əkilib, hazırda kompleks becərmə işləri aparılır. Mühüm strateji məhsul olan taxılçılıqda da nəticələr yaxşıdır. Belə ki, əkin aparılan 29 min 926 hektar sahədən 162 min ton taxıl istehsal olunub ki, bu da ötən ildəkindən 35,6 min ton çoxdur. İlk dəfədir ki, rayon üzrə taxılın orta məhsuldarlığı 33,7 sentnerə çatıb. Heyvandarlıq sahəsində də nəticələr yaxşı olub, bütün göstəricilər üzrə məhsul istehsalı ötən illə müqayisədə artıb.
İclasda tikinti-quruculuq, yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü vurğulanıb. Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq uzunluğu 34,5 kilometr olan yerli əhəmiyyəti Pirili-Muradxan-Sor-Sor, uzunluğu 14,5 kilometr olan yerli əhəmiyyətli Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 mart tarixli Sərəncamına uyğun olaraq Kürdəmirdə inşa edilən xalça istehsalı emalatxanasında əsas işlər başa çatdırılıb, hazırda ərazi abadlaşdırılır. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə inşa olunan “ASAN xidmət” mərkəzinin əsas binasının tikintisi yekunlaşıb. Hazırda mərkəzdə xarici və daxili divarlar üzlənir, kommunikasiya xətlərinin montajı aparılır. Rayon ərazisində məskunlaşan 563 məcburi köçkün ailəsi üçün Xırdapay kəndinin ərazisində 17 ədəd dördmərtəbəli ictimai yaşayış evində, 432 şagird yerlik məktəb binasında, 140 yerlik uşaq bağçasında, tibb məntəqəsində dəmir beton konstruksiyaların tikintisi başa çatdırılıb. Əraziyə qaz xətləri çəkilib.
Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı, tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.