REGİONLAR
Kürdəmirdəki N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri keçirilib
Kürdəmir, 24 iyun, AZƏRTAC
Kürdəmirdəki N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərləri, ictimaiyyətin nümayəndələri, gənclər, ziyalılar, mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Azərbaycan Ordusunun dahi şəxsiyyətin sərkərdəlik bacarığı sayəsində peşəkar orduya çevrildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tələblərə cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. 2016-cı ildə şanlı Aprel qələbəsi, 2018-ci ildə Günnüt zəfəri Azərbaycan Ordusunun hərbi qüdrətini bir daha sübut etdi. Bu qələbələr göstərdi ki, ordumuz işğal altındakı ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Hərbi hissənin nümayəndələri şəxsi heyətdə vətənpərvərlik ruhunun və döyüş əzminin artırılmasına xidmət edən belə tədbirlərin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.