SİYASƏT
LƏNKƏRANLILAR HİDDƏTLƏRİNİ BİLDİRDİLƏR
Xalqımızın əvəzsiz lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsiyyəti ilə, onun vətən qarşısındakı misilsiz xidmətləri ilə daim fəxr edən lənkəranlılar müxalifət partiyalarının, eləcə də Türkiyədəki bəzi kütləvi informasiya vasitələrinin dövlətimizin başçısı, onun sağlamlığı haqqında yaydıqları qeyri-obyektiv, real vəziyyətdən tamamilə uzaq məlumatları şər, böhtan adlandıraraq, hiddətlə pisləyirlər. Şəhərdə keçirilən etiraz yığıncaqlarında bu ruhlu fikirlər dəfələrlə səslənmişdir. Təhsil işçiləri nümayəndələrinin ümumrayon toplantısında müəllimlər, qocaman pedaqoqlar, təhsil işçilərinin əmək haqlarını 50 faiz artırdığına görə Heydər Əliyevə minnətdarlıqlarını ifadə edir, “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinin ölkəmizin rəhbəri barədə yazdıqları yalan məlumatları iftira adlandırırlar. Onlar Azərbaycan mentalitetinə yad olan belə yazı müəlliflərinin Qanun qarşısında cavab vermələrini tələb edirlər.
Lənkəranda fəaliyyət göstərən idman təşkilatlarında çalışan idmançılar da öz toplantılarında Prezident Heydər Əliyevin gənclərə daim qayğı göstərdiyini, idmanın inkişafı üçün əlindən gələni əsirgəmədiyini qeyd etməklə yanaşı, müxalifət qüvvələrinin milli liderimiz barədə nalayiq, mənəviyyatsız mövqelərinin vətənə xəyanət qədər rəzil olduğunu bildirmişlər.Toplantılarda Prezidentə müraciət qəbul olunmuş, onun tezliklə Vətənə dönməsi, Lənkəranda özünün on minlərlə seçiciləri ilə görüşə gəlməsi arzusu ifadə edilmişdir.