REGİONLAR
LAYİHƏNİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
Azərbaycan hökumətinin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) birgə maliyyələşdirdiyi “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihəsi”nin birinci mərhələsi başa çatmışdır.
Noyabrın 27-də “Hyatt Regency” mehmanxanasında həmin layihənin yekunlarına həsr edilmiş toplantı keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Razim Vəliyev, İFAD-ın planlaşdırma üzrə beynəlxalq məsləhətçisi Samir Əsmər, BMT-nin Layihələrə Xidmət Ofisinin Azərbaycan üzrə meneceri Ömər Zəfər çıxış edərək, layihənin həyata keçirildiyi illərdə kənd təsərrüfatının müxtəlif sahələrində görülmüş işləri dəyərləndirdilər.
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi baş direktorunun müavini, İFAD proqramlarının direktoru Vüqar Mehdiyev layihənin əhatə etdiyi rayonlarda görülmüş işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, son bir neçə ildə Quba, Qəbələ Gədəbəy, Lerik, Şahbuz, Daşkəsən və İsmayıllı rayonlarında heyvandarlığın, arıçılığın, kartofçuluğun inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, sosial infrastrukturun bərpası sahəsində xeyli iş görülmüş, layihənin əhatə etdiyi regionlarda yeni iş yerləri açılmış və həmin ərazilərin sosial-iqtisadi inkişafı təmin olunmuşdur. Bu rayonlarda fermer təsərrüfatlarına maliyyə yardımı göstərilmiş, onlara arı pətəkləri və cins qaramal verilmişdir. Ümumiyyətlə, müxtəlif yaşayış məntəqələrində 65 sosial təyinatlı obyekt inşa edilmiş və ya təmir olunmuşdur. Kənd təsərrüfatının müxtəlif sahələrində maddi-texniki baza möhkəmləndirilmiş, fermer təsərrüfatlarına texniki xidmət mexanizmi təkmilləşdirilmiş, kənd təsərrüfatı məhsullarının marketinqi ilə bağlı məsələlər həll edilmişdir. Bütün bu işlərə 10 milyon ABŞ dollarından çox vəsait sərf edilmişdir.
Toplantıda layihə çərçivəsində heyvandarlıq, arıçılıq, kartof toxumçuluğu sahəsində görülmüş konkret tədbirlərdən danışıldı.
Daha sonra “Dağ Arıçıları” İctimai Birliyinin, “Dağların Neməti” MMC-nin, mikromaliyyə təşkilatlarının, “Turanbank” Komersiya Bankının, “Naxçıvan” Aqrobiznes Məhdud Məsuliyyətli Cəmiyyətin layihə ilə bağlı gördüyü işlər barədə hesabatlar dinlənildi. Qeyd edildi ki, “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihəsi”nin birinci mərhələsinin həyata keçirildiyi dövrdə kənd təsərrüfatının müxtəlif sahələrində istehsalın intensivləşdirilməsi bu layihənin ikinci mərhələsinin də uğurla həyata keçiriləcəyinə inam yaradır.