RƏSMİ XRONİKA
LERİK RAYONU İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI FÜZULİ HACIYEVİN ÇIXIŞI
İcazə verin, Sizi Lerik ictimaiyyəti adından ürəkdən salamlayım, uzunömürlülər diyarı, təbiətin füsunkar guşəsi olan Lerikimizə “Xoş gəlmisiniz!” deyim, müsəlman dünyasının ən müqəddəs bayramı olan Ramazan bayramı münasibətilə Sizi təbrik edim.
Heydər Əliyev dühası ilə yaranmış Azərbaycan Respublikası günü-gündən inkişaf edir, iqtisadiyyatda, xarici və daxili siyasətdə görünməmiş uğurlar qazanılır. Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Azərbaycanın inkişafını təmin edir, hər bir sahənin inkişafı üçün böyük stimul yaradır. Azərbaycan dövlətinin qazandığı hər bir uğur əbədiyaşar Heydər Əliyevin adı ilə bağlıdır və uzun illər sonra da belə olacaqdır. Məhz həmin əbədiyaşar ideyaların nəticəsidir ki, Sizin rəhbərliyinizlə son 3 ildə respublikamızın daxili və xarici siyasətində böyük uğurlar əldə edilmişdir. Artıq heç kəsə sirr deyil ki, Azərbaycan dinamik inkişaf mərhələsindədir.
Cənab Prezident, Sizin Ramazan bayramında respublikanın ən ucqar bölgəsi olan Lerikə səfəriniz rayonumuza, rayon əhalisinə olan diqqət və qayğınızın təzahürü, xalqla bir olmağınızın bariz nümunəsidir.
Rayonumuzun tarixinə qızıl hərflərlə yazılmış hadisə, 2005-ci il sentyabrın 8-də rayonumuza səfəriniz hər bir leriklinin qəlbində dərin iz buraxmış və rayonumuzun sosial, iqtisadi və mədəni həyatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Sizin xeyir-duanızla, birbaşa nəzarətinizlə çəkilən Lənkəran-Lerik avtomobil yolu müasir standartlara cavab verir və rayon əhalisini çoxdankı arzusuna qovuşdurmuşdur.
80 ilə yaxın yaşı olan rayonumuzun tarixində dəfələrlə gündəliyə gətirilmiş, lakin həllini tapmayan qaz xəttinin çəkilməsi məhz Sizin göstərişinizə əsasən qısa vaxt ərzində reallığa çevrilmişdir. Sovetlər dövründə dövlətin maliyyə vəsaitinin kifayət qədər olmasına baxmayaraq, rayonumuza qaz xətti çəkilməmiş, nəticədə Allahın bizə bəxş etdiyi ən nadir milli sərvətimizdən biri olan meşələrimizin məhvolma təhlükəsi yaranmışdı. İndi isə rayon əhalisinin, bəlkə də, xəyal edə bildiyi bir hadisə reallığa çevrildi. Təbii qaz məişətimizə, həyatımıza daxil olur. Artıq meşələrimiz, flora və faunamız qorunacaqdır.
Cənab Prezident, Sizin respublikamızda apardığınız ardıcıl siyasət, hər yerdə olduğu kimi, Lerik rayonunda da işgüzar mühitin yaranmasına yol açmışdır. Daim Heydər Əliyev ideyalarının həyata keçirilməsinə səy göstərən, Heydər Əliyev məktəbindən öyrənməyə çalışan fəallarımız əhali ilə birlikdə rayonun sosial-iqtisadi inkişafı, maddi-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl iş aparır. Respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına, habelə cənub bölgəsi rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2005-ci il sentyabrın 14-də təsdiqlənmiş proqrama görə Lerikdə 4 mindən çox iş yeri açılmalıdır. İndiyədək 2 min 600 nəfərdən yuxarı vətəndaş işlə təmin edilmişdir ki, bunun da 1000-dən çoxu daimi iş yerləridir.
Respublikamızda həyata keçirilən uğurlu islahatlar rayonumuzda da öz parlaq nəticəsini verir. Ucqar dağ rayonu olan Lerikdə əhalinin həyat səviyyəsi ilbəil yaxşılaşır. Aparılan məqsədyönlü siyasət nəticəsində 2005-ci ildə adambaşına düşən gəlir 345 manata çatmışdır ki, bu da 2004-cü illə müqayisədə 178 manat çoxdur.
Cənab Prezident, “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” 2006-cı il 26 sentyabr tarixli Fərmanınız rayonumuzun 80-dən çox yaşayış məntəqəsində işləyən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsini təmin etmişdir. Fərmanın icrası rayonumuzda hər bir ailənin əlavə 40 min manatdan artıq vəsaitin almasına şərait yaratmışdır.
2003-cü ildən başlayaraq məktəb tikintisi çox böyük sürətlə davam etdirilmiş və 3 il ərzində 2 min şagird yerlik 9 məktəb binası tikilib istifadəyə verilmişdir. Turizmin inkişafı üçün Lənkəran-Lerik avtomobil yolu boyunca iş adamları tərəfindən müvafiq tədbirlər görülür. Tikinti materialları istehsalı ilə bağlı da xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir.
Möhtərəm cənab Prezident, deyiləsi söz, fikir çoxdur, lakin mən vaxtınızı almaq istəmirəm. Sizi bu böyük bayram münasibətilə bütün leriklilər adından bir daha səmimiyyətlə təbrik edir, rayonumuza olan diqqət və qayğınıza görə sonsuz minnətdarlığımızı bildirirəm. Sizi əmin edirəm ki, Dövlət Proqramından irəli gələn vəzifələri vaxtında yerinə yetirmək üçün daha əzmlə çalışacağıq. Sizə cansağlığı və Azərbaycanımızın qüdrətlənməsi, xalqımızın firavanlığı naminə həyata keçirdiyiniz böyük işlərdə uğurlar arzulayıram. Sağ olun.