REGİONLAR
Laçınlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar
Ağcabədi, 4 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın rayonunun gəncləri Vətənin keşiyində dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Laçın rayon şöbəsində keçirilən təntənəli mərasimdə Laçın Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə tər güllər düzüblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən SHXÇDX Laçın rayon şöbəsinin rəisi Fərman Məmmədov və rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Çıxış edən valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyib, onlara tövsiyələrini veriblər.
Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.
Konsert proqramı ilə davam edən tədbirin sonunda çağırışçı gənclər Dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yollanıblar.