CƏMİYYƏT
Laçınlı məktəblilər tur-aksiyada iştirak etdiklərinə görə çox sevinirlər
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 12-də Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin şagirdləri Qubaya yola salınıb.
Bu münasibətlə keçirilən mərasimdə qrup rəhbəri, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin müəllimi Afərin İsmayılova AZƏRTAC-a bildirib ki, maarifləndirici tur-aksiyanın şagirdlər üçün müsbət cəhətləri çoxdur. Bu layihə gənc nəslin tərbiyəsinə, onların vətənpərvər böyüməsinə, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə müsbət təsir göstərir. “Bizim şagirdlər tur-aksiyada iştirak etməyi çox arzulayırdılar. Bu gün həmin layihədə iştirak etmək bizə də nəsib olub. Şagirdlərimizlə birlikdə Quba rayonunun məşhur abidələrini, həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəyik. Bizə bu şəraiti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarıq”, - deyə qrup rəhbəri vurğulayıb.
Məktəbin 10-cu sinif şagirdi, tur-aksiyanın iştirakçısı Elton Əlizadə sevincini bölüşərək deyib: “Bu gün məktəb yoldaşlarımla birgə “Ölkəmizi tanıyaq” layihəsinə qoşulduğumuz üçün çox sevinirik. Haqqında çox eşitdiyimiz Qubanı, onun tarixi yerlərini görə biləcəyik. Bizə bu imkanı yaratdığına görə dövlətimizin başçısına təşəkkür edirik”.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etməkdir.