CƏMİYYƏT
Lansarote Konvensiyasının təsdiq edilməsi ölkəmizdə uşaq hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırılması, habelə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və respublikamızın mühüm beynəlxalq sənədlərə qoşulması sahəsində işlər davam etdirilir. 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının müvafiq bəyanatla təsdiq edilməsi ilə bağlı qanun layihəsinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunması Azərbaycan dövlətinin üzərinə götürdüyü ali məqsədə - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinə sadiqliyini bir daha nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada deyilir.
Bildirilir ki, ölkəmizin uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənəd olan bu Konvensiyaya qoşulması uşaqlara qarşı zorakılığın bütün formaları kimi cinsi zorakılıq ilə mübarizənin preventiv, müdafiəedici, müvafiq cinayət-hüquqi aspektlərinə yönəlmiş tədbirlərin, habelə zərərçəkənlərin reabilitasiyası proqramlarının təkmilləşməsinə və tətbiqinə xidmət edəcək.