DÜNYA
Latviya Prezidenti Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək
Riqa, 8 noyabr, AZƏRTAC
Latviya Prezidenti Raymond Veyonis noyabrın 10-da Parisə yola düşməyi qərara alıb. O, Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə, həmçinin Paris Sülh Forumunun açılışında iştirak edəcək. Bu tədbirlərlə əlaqədar, onlarca başqa ölkələrin liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp da Parisə gələcək.
AZƏRTAC xəbər verir ki, əsas mərasim noyabrın 11-də Zəfər Tağının yaxınlığında keçiriləcək. Bu o deməkdir ki, Veyonis Laçplesis Günü münasibətilə noyabrın 11-də Riqada keçiriləcək hərbi paradda iştirak etməyəcək. Həmin paradda Prezidenti Seymin spikeri İnara Murniyetse əvəz edəcək.
Laçplesis Gününü Riqada milli silahlı qüvvələrin və daxili işlər nazirliyinin bölmələrinin hərbi paradı ilə qeyd edəcəklər. Azadlıq heykəlinin yaxınlığında keçiriləcək parad Məşəl yürüşü, Riqadakı qardaş məzarlığında və polkovnik Oskar Kalpaksın abidəsi önünə əklillər qoyulması, Sudrabkalninşdə 6-cı Riqa piyada alayının döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin yaxınlığında bir dəqiqə sükutla qeyd olunacaq. Mədəniyyət mərkəzlərində və tamaşa salonlarında konsertlər təşkil ediləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa