MƏDƏNİYYƏT
Latviyadakı azərbaycanlılar Novruz şənliyində iştirak edib
Riqa, 16 mart, AZƏRTAC
Latviyada “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin gənc fəalı Elnur Rəhimovun təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş şənlik keçirilib.
AZƏRTAC xəbər verir ki, Riqa şəhərində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin birində təşkil edilmiş tədbirdə Latviya azərbaycanlı icmasının 300 nəfərə qədər üzvü iştirak edib.
Qonaqları bayram münasibətilə təbrik edən səfir Cavanşir Axundov Novruz bayramının qədim tarixi, Azərbaycan və dünya xalqlarının bu bayrama aid ənənələri barədə ətraflı məlumat verib. Bu gün Azərbaycanda Novruz bayramının dövlət səviyyəsində qeyd edildiyini bildirən diplomat bunu xalqımızın və dövlətimizin milli-mədəni dəyərlərimizə verdiyi önəmin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.
Elnur Rəhimov da öz növbəsində qonaqlara bayram təbriklərini çatdırıb.
Şənlikdə Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət böyük konsert proqramı təqdim edilib. Xüsusilə Riqa şəhərində fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət “Çinar” milli rəqs qrupunun ifası tamaşaçıların böyük marağına səbəb olub.
Tədbir iştirakçılarına Azərbaycanın milli mətbəx nümunələrindən ibarət bayram ziyafəti verilib, tonqalı qalanıb, xonçalar bəzədilib və həmvətənlilərimizin ifasında “Yallı” və digər milli rəqs nümunələri ifa edilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa