İQTİSADİYYAT
Ləğv olunmuş bankın balansında olan əmlak 2,4 milyon manata hərraca çıxarılıb
Bakı, 12 iyul, AZƏRTAC
Ləğv prosesində olan "AtraBank" ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti 2 milyon 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb.
Əmanətlərinin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.
Eyni zamanda, ləğv prosesində olan "Royal Bank" ASC-nin reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları da hərraca çıxarılıb. İlkin satış qiyməti 17 min 421 manatdır.
Əmanətlərin Sığortalanması Fondunun "Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları"na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.