İQTİSADİYYAT
Ləki-Qəbələ dəmir yolunun tikintisi ilə bağlı alman mütəxəssislər Azərbaycana dəvət edilib
Bakı, 12 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı müzakirə olunub.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, iclasda layihənin icrasına cəlb olunan şirkətlərin nümayəndələri və mütəxəssislər iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları”nın sədr müavini Zaman Novruzov bildirib ki, dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihənin icrasına 2018-ci ildən başlanılıb. O, tikinti-quraşdırma işlərinin icra vəziyyəti ilə bağlı qonaqlara məlumat verib. Qeyd edib ki, dəmir yolunun torpaq yatağı və üst quruluşu, eləcə də körpülərin tikintisi ilə bağlı mühüm işlər yerinə yetirilib. Tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədilə QSC Almaniyadan mütəxəssislər dəvət edib. Alman mütəxəssislər müstəqil audit qismində layihənin torpaq yatağının tikintisi ilə tanış olacaqlar.
İclasda Ləki–Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı təqdimat keçirilib. Təqdimat ilə tanışlıqdan sonra alman mütəxəssislərin sualları cavablandırılıb.