REGİONLAR
Lənkəran Dövlət Dram Teatrı mədəniyyət müəssisələrinə hamilik edəcək
Lənkəran, 19 aprel, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərinin xalq teatrlarına və bədii özfəaliyyət teatr kollektivlərinə hamilik köməyi göstərəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə teatrın direktoru Tofiq Heydərov ilə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov niyyət sazişi imzalayıblar.
Sazişə əsasən Lənkəran Dövlət Dram Teatrı Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində ustad dərsləri keçirməyi, həmin kollektivlərə teatr tamaşaları hazırlamaq üçün lazım olan dəstəyi göstərməyi öhdəsinə götürüb.
Teatrın direktoru Tofiq Heydərov qarşılıqlı yaradıcılıq münasibətlərinin hər iki tərəf üçün səmərəli olacağını bildirib: “Teatrımızda aktyorlara böyük ehtiyac var. Bölgənin istedadlı gəncləri hesabına bu ehtiyacı ödəmək fikrindəyik. İstəyimizi əldə etmək üçün gənclərin yetişib püxtələşməsi, professional təhsil almaları üçün əlimizdən gələni edəcəyik”.
İmzalanma mərasimindən sonra Biləsuvar Mədəniyyət Mərkəzinin özfəaliyyət teatr kollektivinin həvəskar aktyorlarının təqdimatında “Nəsimi” tamaşasına baxış olub.
Tamaşanın müzakirəsi zamanı Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov fikir və mülahizələrini bildiriblər.