REGİONLAR
Lənkəran Dövlət Universiteti ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlıq hər iki tərəf üçün faydalıdır
Lənkəran, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Şagird və müəllimlərin Lənkəran Dövlət Universitetinin (LDU) müasir laboratoriyalarından istifadə etməsi, burada praktik məşğələlərdə, nümunəvi dərslərdə iştirakı tədris prosesinə böyük töhfə verəcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəranın ümumi təhsil müəssisələri ilə LDU arasında əməkdaşlıq üzrə pilot layihənin icrası ilə bağlı sualı cavablandırarkən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov deyib.
Universitetin müəllimlərinin mühazirələrinin yuxarı sinif şagirdlərində ali məktəblə bağlı əyani təsəvvürün formalaşmasına müsbət təsir göstərdiyini vurğulayan A.İbrahimov LDU ilə Lənkəran şəhərinin tam orta məktəbləri arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu bildirib: ”Əminəm ki, şagirdlərimiz universitetdəki şəraiti, sağlam ab-havanı, yeniləşən tədris bazasını, yüksəkixtisaslı müəllimləri görüb, gələcəkdə məzun kimi seçim edəndə, məhz bu ali təhsil ocağına üstünlük verəcəklər”.
Lənkəran Dövlət Universiteti Lənkəran, Astara, Yardımlı rayonlarının tam orta məktəbləri ilə əməkdaşlıq edir.
Fevralın 4-13-də pilot layihə çərçivəsində Lənkəran şəhərinin 7, 9 və 10 nömrəli tam orta məktəblərinin və Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri üçün kimya və biologiya fənlərindən nümunəvi açıq dərslər və laboratoriya məşğələləri keçirilib.
Layihə çərçivəsində mart ayında, yaz tətili günlərində Astara və Yardımlı rayonlarının tam orta məktəblərinin yuxarı sinif şagirdlərinə də LDU-nun tədris-təcrübə bazasından faydalanmaq imkanı yaradılacaq.