REGİONLAR
Lənkəran Dövlət Universitetində keçirilən tədbirdə Böyük Vətən müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışılıb
Lənkəran, 9 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümünə həsr olunmuş “Tarix yazan qəhrəmanlarımız” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, LDU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov Böyük Vətən müharibəsində azərbaycanlıların, o cümlədən lənkəranlıların keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışın, onların ömür yolunun gənclərə örnək olduğunu bildirib.
Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elbəy Fətəliyev çıxışında qeyd edib ki, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirilən tədbir Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə keçirilir.
E.Fətəliyev çıxışında, həmçinin tələbələrə idarənin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib, onları gənclər siyasəti ilə bağlı keçirilən bütün tədbirlərdə yaxından iştirak etməyə dəvət edib.
Tədbirin sonunda Azərbaycanın hərb tarixində və ordu quruculuğunda böyük xidmətləri olan Sovet İttifaqı qəhrəmanlarından bəhs edən “Tarixin canlı səhifələri” adlı film nümayiş etdirilib.