REGİONLAR
Lənkəran Dövlət Universitetində tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə qərargah yaradılıb
Lənkəran, 5 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün yanvarın 4-dən fevralın 1-dək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 7-dən yanvarın 12-dək, bakalavriat səviyyəsinin V tədris ili qrupları üçün yanvarın 30-dan fevralın 1-dək keçiriləcək. 3417 bakalavr və 120 magistrantın iştirak edəcəyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə qərargah və “Qaynar xətt” yaradılıb.
İmtahanların gedişində obyektivliyi və şəffaflığı təmin etmək, yarana biləcək mənfi halları dərhal aradan qaldırmaq məqsədilə LDU-nun tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub.
Şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Apellyasiya komissiyaları yaradılıb.
İmtahanların gedişini universitetin ictimai şurasının üzvləri də izləyəcəklər.