REGİONLAR
Lənkəran çimərliklərində təhlükəsizlik və sanitariya qaydalarına nəzarət gücləndiriləcək
Lənkəran, 10 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 10-da Lənkəranda inzibati ərazi dairələrindəki nümayəndələr, bələdiyyə sədrləri və aidiyyəti təşkilatların rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gedişi, çimərliklərdə təhlükəsizlik və sanitariya qaydalarına əməl olunması vəziyyəti müzakirə olunub.
Videomüşavirədə rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsinin, ev şəraitində müalicə alan koronavirus xəstələrinin nəzarətsiz qaydada sərbəst hərəkətinə imkan verilməməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, çimərlik mövsümünə icazənin verilməsi ilə əlaqədar dənizsahili ərazilərdə sanitariya-epidemioloji vəziyyət daim nəzarətdə saxlanılmalı, bununla əlaqədar yaradılmış komissiya fəaliyyətini gücləndirməli, sanitariya normalarının pozulması hallarına qarşı müvafiq cəza tədbirləri görülməlidir.
Çıxış edənlər rayon sakinlərinə koronavirus infeksiyasından qorunmaq məqsədilə tibbi maskalardan istifadə etməyi, sosial məsafə gözləməyi və gigiyena qaydalarına önəm verməyi tövsiyə ediblər.