REGİONLAR
Lənkəran polisi məktəblilər üçün narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirib
Lənkəran, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin səbəb olduğu fəsadlar və onun acı təsirləri barədə videoçarxı izləyiblər.
Tədbirdə çıxış edən Lənkəran Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizənin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.
Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.