REGİONLAR
“Lənkəran rayonunun Türkəncil kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb
Lənkəran, 19 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətində Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində “Lənkəran rayonunun Türkəncil kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin imzalanma mərasimi keçirilib.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, layihəni həyata keçirəcək “Qlobal humanitar təşkilatı” İctimai Birliyinin sədri İlham Tahirli iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq, Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Lənkəranda indiyədək 5 layihənin icra olunduğunu bildirib.
Taleh Qaraşov çıxışında ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin icrasına göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Mərasimdə çıxış edən səfir Teruyuki Katori layihənin icrası nəticəsində Türkəncil kəndinin sakinlərinin yüksək keyfiyyətli içməli su ilə təmin olunacağını vurğulayıb.
Qeyd olunub ki, qrant yardımı çərçivəsində həyata keçiriləcək layihənin ümumi məbləği 89,131 ABŞ dolları təşkil edəcək.
Qrant yardımı müqaviləsini Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və layihəni həyata keçirəcək “Qlobal humanitar təşkilatı” İctimai Birliyinin sədri İlham Tahirli imzalayıblar.
Səfir Teruyuki Katori Lənkərana səfəri çərçivəsində, həmçinin rayondakı Gilan-Lənkəran konserv zavodunda, xalça fabrikində, rayon Tarix-Diyarşünaslıq Muzeyində olub.