İQTİSADİYYAT
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Bakı, 23 fevral (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Lənkəran şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Lənkəran şəhərini, eləcə də şəhər mərkəzinə yaxın 12 kənd və qəsəbəni əhatə edir. Layihəyə əsasən şəhərə içməli su Xanbulançay dəryaçasından veriləcəkdir. İstehlakçıları dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə burada yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğu inşa olunacaqdır. Lənkəran şəhərin dayanıqlı su təchizatının aparılması üçün tutumu 15 min kubmetr tutumu olan su anbarı tikiləcəkdir. Hazırda sutəmizləyici qurğular və su anbarları kompleksində tikintiyə hazırlıq işləri həyata keçirilir. Su mənbəyindən şəhər istiqamətinə 710 mm diametrli borularla 16,5 kilometr magistral su xətti çəkilmişdir.
Layihəyə əsasən Lənkəran şəhərində və ətraf kəndlərdə 200 kilometr uzunluğunda layihələndirilən şəhərdaxili paylayıcı su şəbəkəsinin təxminən 25 kilometrlik hissəsi çəkilmişdir. Ümumi uzunluğu 180 kilometr olan kanalizasiya şəbəkəsinin isə 20 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Gələcəkdə Lənkəran şəhərində yaranacaq çirkab sular məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Tullantı sularının normal axınını təmin etmək üçün şəhərdə 8 kanalizasiya-nasos stansiyası inşası olunacaqdır.
Layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla, 75 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.