REGİONLAR
Lənkəranda Respublika Folklor Festivalının seçim turu keçirilib
Lənkəran, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Respublika Folklor Festivalının seçim turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seçim mərhələsində təmsil olunan kollektivlər arasında ölkəmizin cənub bölgəsində yaşayan azsaylı xalqların folklor qrupları da yer alıb.
Folklor Festivalında Lənkəran Regional Mədəniyyət İdarəsinin şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət və Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor xalq kollektivləri, Lerik rayonunun “Rəfti” Uzunömürlülər kollektivi, Astara rayonunun Kakalos kənd mədəniyyət evinin “Əvəsor” folklor kollektivi, Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin “Ay lolu” rəqs qrupu, Boladi kənd klubunun “Kinəlim” rəqs qrupu, Masallı Regional Mədəniyyət İdarəsinin “Halay” və “Masallı” rəqs qrupları, Biləsuvar Regional Mədəniyyət İdarəsinin “Şəhriyar” foklor kollektivi, Salyan rayonunun “Ruhani” aşıqlar qrupu, Neftçala rayonunun “Ənənə” folklor kollektivi rəngarəng nömrələrlə çıxış ediblər.
Bədii özfəaliyyət kollektivləri tərəfindən təqdim olunan folklor nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Respublika Folklor Festivalının seçim turunda fərqlənən kollektivlər noyabr ayında Bakı şəhərində keçiriləcək Ənənəvi Respublika Folklor Festivalında çıxış edəcəklər.