REGİONLAR
Lənkəranda Respublika Gününə həsr edilən sərgidə 130 əsər nümayiş olunub VİDEO
Lənkəran, 27 may, İsmayıl Cəfərli, AZƏRTAC
Mayın 27-də Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Uşaq Rəssamlıq Məktəbi, Mamusta kənd Folklor evi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Lənkəranın gənc və istedadlı rəssamlarının Respublika Gününə həs etdiyi 130 əsər nümayiş olunub.
Karantin rejiminin tələbləri gözlənilməklə keçirilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə bağlı çıxışlar dinlənilib.
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə çıxış edərək, Xalq Cümhuriyyətinin fəaliyyətindən, son 30 ildə müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan, ölkəmizdə incəsənətin müxtəlif sahələrinə göstərilən diqqət və qayğıdan, rəssamlarımızın sənət uğurlarından danışıb.
Daha sonra tanınmış rəssam və heykəltəraş Məmmədsadıq Axundov, Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov, 1 saylı şəhər Uşaq Musiqi Məktəbinin direktoru Camal Həsənov və Mamusta kənd Folklor evinin müdiri Nurlana İbrahimova çıxış edib, sərginin əhəmiyyətini vurğulayıblar.
Rəssam Tərlan Sadıqovun hazırladığı dekorativ tətbiqi sənət nümunələri, Xəzər İbrahimovun rəngli boya ilə çəkdiyi tablolar, Şeyda Zeynalovanın hazırladığı aplikasiyalar, Aynur Mikayılova, Günay Talışınski və Şəms Əsədlinin əsərləri iştirakçıların marağına səbəb olub.
Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov bildirib ki, iyunun 10-dək davam edəcək sərgidə məktəbin şagirdlərinin 40-a yaxın əsəri nümayiş olunur. Bu əsərlər təsviri incəsənətin bütün janrlarına aiddir. Əsərlərin əksəriyyəti 28 May - Respublika Gününə həsr edilib.
Sərgidə uğurlu iştirakına görə Xəzər İbrahimov və Nurlana İbrahimova Mədəniyyət Mərkəzinin fəxri fərmanına layiq görülüblər.