CƏMİYYƏT
Lənkəranda avtomobil qaçıran şəxsdən metamfetamin və heroin aşkarlanıb
Bakı, 6 avqust, AZƏRTAC
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə avqustun 1-nə keçən gecə Liman şəhəri ərazisindən şəhər sakini Ə.Məstiyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İ.Aslanov əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə avtomobil Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynlinin yaşadığı evin həyətində sökülmüş vəziyyətdə tapılıb və polis əməkdaşları tərəfindən V.Hüseynli ilə birgə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.