REGİONLAR
Lənkəranda ətraf mühitin qorunması və ekologiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Lənkəran, 22 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında ətraf mühitin qorunması və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri, bərk məişət tullantılarının idarə edilməsi ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə təbiəti qorumağın hər birimizin borcu olduğunu bildirib. Bu istiqamətdə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə idarə tərəfindən “Ətraf mühiti tullantılardan qoruyaq” adlı ekoloji aksiya keçirilib. Aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhərinin sahilboyu ərazisindən keçən hissəsində məişət tullantıları təmizlənərək həmin ərazilərdə idarə tərəfindən hazırlanmış maarifləndirici lövhələr vurulub.
1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Bəxtiyar Hüseynov və Afiq Məlikov çıxışlarında qeyd ediblər ki, gənclər arasında ekoloji maarifləndirmənin aparılması çox vacib məsələdir. Bunun üçün hazırda ölkəmizdə əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən, bu sahədə münasibətləri tənzimləyən “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur.
İstər şəhərdə, istərsə də kənd yerlərində yaşamağımızdan asılı olmayaraq, ekoloji cəhətdən sağlam mühitdə yaşamaq naminə üzərimizə düşən mənəvi və maddi borcu yerinə yetirməliyik.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər Milli Strategiyadan irəli gələn vəzifələr və öhdəliklər barədə gənclərə məlumat verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.