REGİONLAR
Lənkəranda ördək təsərrüfatından REPORTAJ VİDEO
Lənkəran, 26 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Cənub bölgəsində quş və quş əti istehsalı ilə məşğul olan bir neçə broyler müəssisəsi fəaliyyət göstərir. Ördək ətinə tələbat isə bir qayda olaraq həmişə fərdi təsərrüfatlar hesabına ödənilib. Elə təsərrüfatçılar da var ki, fəaliyyətlərini dövlət dəstəyindən yaralanaraq genişləndirirlər. Lənkəranın Şürük kənd sakini fermer Rauf Mahmudov belə təsərrüfat sahiblərindən biridir.
AZƏRTAC xəbər verir ki, uzun illərdir quşçuluqla məşğul olan, bir neçə ildir ördək təsərrüfatı yaradan fermer Rusiyadan ağ Çin ördəyinin damazlıq yumurtalarını əldə edib. Hazırda 1500 baş ana ördək saxlayan təsərrüfatçının sözlərinə görə, bu ördəklərin yumurta qoyma qabiliyyəti yerli ördəklərlə müqayisədə çox yüksəkdir: “Təsərrüfatdan gün ərzində 700-800 yumurta götürürük. Hər 4-5 gündən bir inkubatora 5 min ədəd yumurta daxil edilir. Yumurtaların inkubatordan çıxışı da yaxşı nəticə verir. Üstündən 19-20 gün keçdikdən sonra yumurtadan bala çıxır. Yumurtadan bala çıxma 70-72 faiz təşkil edir. Təxminən 5 min yumurtadan 3-4 min bala çıxır”.
Hər il 120-140 min ördək balası əldə edən fermerin sözlərinə görə, ağ Çin ördəklərini bəsləməyin digər bir üstün cəhəti mövsümi xəstəliklərə yoluxmaması, soyuğa davamlı olmasıdır. Bundan başqa, bu ördək növləri çəkilərinə görə də fərqlənir. Ətlik dövrünə çatdıqda təqribən 3 kiloqram olan ördək balalarının alıcıları da çoxdur.
Bu il fermerlərin sifarişləri əsasında təsərrüfatda damazlıq yumurta istehsalına da başlanılıb. 15-30 günlük ördək balalarının qiyməti 1 manat 30 qəpik - 1 manat 50 qəpik arasında dəyişir. Tələbatın yüksək olduğunu nəzərə alan fermer dövlət dəstəyindən yararlanaraq gələcəkdə təsərrüfatını genişləndirməyi, ana ördəklərin sayını 2-3 minə, bala ördək istehsalını isə 300-400 minə çatdırmağı planlaşdırır.