REGİONLAR
Lənkəranda şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb
Lənkəran, 5 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması hallarını müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Ulum” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.
Həmin obyektin sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Toyun təşkilatçısı isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 400 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Ulum” şadlıq sarayında bundan əvvəl də toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən edilib və həmin vaxt obyektin sahibi İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunub.