REGİONLAR
Lənkəranda sənaye məhsullarının istehsalı və əhaliyə göstərilmiş xidmətlərin həcmi 4,4 faiz artıb
Lənkəran, 29 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bu ilin doqquz ayında Lənkəran rayonunda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,4 faiz artaraq 59443,3 min manat təşkil edib.
Bu barədə Lənkəran Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 88,1 faizi emal, 9,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 88,3 faiz olub. Ümumi istehsalın 88,3 faizi sənaye məhsullarının istehsalı, 11,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında 1 oktyabr vəziyyətinə 4781 milyon manatlıq hazır məhsul olub.