REGİONLAR
Lənkərandakı “Böyük Bazar” məscidində şəhidlərin ruhuna dualar oxunub
Lənkəran, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 27-də ölkəmizin bütün ibadət evlərində olduğu kimi, Lənkərandakı "Böyük Bazar" məscidində də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Qurani-Kərimdən surə və ayələr oxunub. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına dualar oxunub.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzda olan ruh yüksəkliyinin, oğullarımızın ölümün gözünə dik baxaraq şəhadəti sevə-sevə qəbul etmələrinin düşməni sarsıtdığını vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazısı Qəni Axundzadə, 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə müharibənin başlandığı günün - sentyabrın 27-nin Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edildiyini diqqətə çatdırıb.
Şəhidlərimizin xatirəsi yad edildikdən sonra mərasim iştirakçıları televiziya vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini dinləyiblər.