REGİONLAR
Lənkəranın Şirinsu qəsəbəsində şəhid Əmrah Cəfərlinin adı əbədiləşdirilib
Lənkəran, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də Lənkəran rayonunun Şirinsu qəsəbə sakini Cəfərli Əmrah Yusif oğludur. Könüllü olaraq müharibəyə getmiş Əmrah Cəfərli torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğulduğu Şirinsu qəsəbəsində onun adına tikilmiş bulağın açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıq göstərdiklərini söyləyib, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mahir sərkərdəlik bacarığı sayəsində düşmən ordusunun məhv edildiyini, torpaqlarımızın azadlığa qovuşduğunu vurğulayıb.
Şəhid və qazilərin Vətən qarşısında xidmətlərinin dövlət və xalq tərəfindən daim yüksək dəyərləndirildiyini, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını diqqətə çatdıran icra başçısı, lənkəranlı gənclərin də bu müharibədə göstərdiyi igidliyin, vətənpərvərlik nümunəsinin gələcək nəsillərə örnək olacağını söyləyib.
Digər çıxış edənlər ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bulaq-abidə kompleksinin açılış mərasimindən sonra T.Qaraşov şəhid ailələrinin üzvləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb.
Mərasim iştirakçıları şəhid Əmrah Cəfərlinin məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.