REGİONLAR
Lənkəranlı alimin kitabı Tehranda nəşr olunub
Lənkəran, 22 may, Bağır Əliyev, AZƏRTAC
Əməkdar Aqronom, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu, Avropa Nəşr Evinin “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif edilib və Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Lənkəran Dövlət Universitetində (LDU) professor Fərman Quliyevin Tehranda nəşr olunmuş “Zeytunun genişləndirilməsi ilə bağlı elmi və praktiki tövsiyələr və məsləhətlər” kitabının təqdimat mərasimində səsləndirilib.
Tədbirdə çıxış edən LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov uzun müddət universitetin müəllimi olmuş Fərman Quliyevi əlamətdar hadisə münasibətilə təbrik edərək bildirib ki, kitab elm aləminə böyük töhfədir.
N.İbrahimiv kitab haqqında tədbir iştirakılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, fars dilində nəşr olunmuş kitab 176 səhifədən və 10 fəsildən ibarətdir. Fəsillərdə zeytun bitkisinin tarixi, yayılması, əhəmiyyəti, fizioloji və bioloji xüsusiyyətləri, morfologiyası, işığa münasibəti, zeytun bağlarının salınması və onlara xidmət barədə ətraflı məlumat verilib.
Yeni kitab zeytunçuluqla məşğul olmaq istəyən fermerlər, sahibkarlar, aqronom, texnik və məhsul istehsalçıları üçün dərs vəsaiti kimi yüksək əhəmiyyətə malikdir.
Mərasimdə çıxış edənlər kitabın məziyyətlərindən, müəllifin elmi və pedaqoji fəaliyyətindən danışaraq ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda professor Fərman Quliyev çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını ifadə edib və İran İslam Respublikasında zeytun bitkisinin inkişafına xüsusi önəm verildiyini və bu ölkənin Rəşt şəhərindəki Gilan Universiteti ilə əməkdaşlığa dair razılığın əldə olunduğunu diqqətə çatdırıb.