REGİONLAR
Lənkəranlı fermer: Dövlət Proqramı Azərbaycanda çayçılığın inkişafına güclü təkan verəcək
Lənkəran, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafında yeni mərhələnin başlanmasından xəbər verir. Çayçılıq sahəsində çalışan bir fermer kimi bunu çoxdan gözləyirdim. Dövlət Proqramının qəbul edilməsi rəhbərlik etdiyim kollektivin hədsiz sevincinə səbəb olub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin direktoru Araz Yağubov bildirib.
Dövlət Proqramının Azərbaycanda çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin, xüsusən qadınların məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük töhfə verəcəyini vurğulayan A.Yağubov deyib: “Tədbirlər planına əsasən, çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi baza, eləcə də çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarət təkmilləşdiriləcək, daxili bazarın qorunması üçün tədbirlər görüləcək, bu sahədə mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndiriləcək. Bütün bunlar isə ölkəmizdə çayçılığın inkişafına güclü təkan verəcək”.
Fermer qeyd edib ki, Dövlət Proqramında çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub. O, bu mühüm dövlət sənədinin ölkəmizdə çay istehsalına güclü təkan verməklə yanaşı, yüz minlərlə yeni iş yerinin açılmasına səbəb olacağını, ölkə vətəndaşlarının sosial rifah halının daha da yüksələcəyini bildirib.
“2017-ci il sentyabrın 2-də Prezident İlham Əliyev Lənkəran rayonuna növbəti səfəri zamanı təsərrüfatımızda oldu, işlərimizlə yaxından maraqlandı. Dövlətimizin başçısının göstəriş və tövsiyələri bizi daha yaxşı işləməyə ruhlandırdı. Ötən il çay plantasiyalarımızın ümumi həcmini 70 hektara çatdırdıq. Yeni çay sahələrinin bir hissəsi müasir yapon texnologiyası əsasında salındı. Hazırda təsərrüfatımızda inşa edilmiş mini çay emalı fabrikində 16 adda çay məhsulu istehsal edirik. Çalışacağıq ki, dövlətimizin yaratdığı bu münbit şəraitdən bəhrələnərək yaxın illərdə çay plantasiyalarını 150 hektara çatdırmaqla dövlətimizin başçısının bu qayğısına əməli işimizlə cavab verək”,- deyə fermer təsərrüfatının rəhbəri qeyd edib.