REGİONLAR
Lənkəranlı gənclərə eşitmə və nitq məhdudiyyətli insanlarla ünsiyyət bacarığı aşılanıb
Lənkəran, 27 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda “Anlamağa gedən yol səsdən keçmir” layihəsi çərçivəsində gənclər üçün nitq və eşitmə məhdudiyyətli insanların dialoq dili olan “İşarə dili” bacarıqlarının təşviqinə dair vebinar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə reallaşdırılan “İdeyanı reallaşdır” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində təşkil olunan təlimə 35 gənc qatılıb. Layihə rəhbəri Rüfanə Ələmzadə Gənclər Fondu və onun fəaliyyət istiqamətləri, layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb və müzakirə ediləcək məsələləri diqqətə çatdırıb. O, “İşarə dili” ilə bağlı çox az sayda gəncin məlumatlı olduğunu vurğulayıb. Bu sahəyə olan marağın artırılması, daha çox insanın mövzu ətrafında maariflənməsi ilə nitq və eşitmə məhdudiyyətli insanlarla ünsiyyətin asandlaşdırılması üçün gənclərin belə layihələrdə iştirakının vacib olduğunu vurğulayıb.
Təlimçi Nuranə Abıyeva dörd vebinar müddətində işarə dilinin mənası, eyni məhdudiyyəti olan insanların fərqli ölkələrdə, fərqli işarələrlə necə ünsiyyət qurması, ölkəmizdə mövcud işarə dili, onun fərqli və oxşar cəhətləri, işarə dilinin daha keyfiyyətli öyrənmə üsulları və tətbiqi, ilkin ünsiyyət qaydaları və lazımi metodlar və s. barədə məlumatlar verib.
Sonra layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş etdirilib.