REGİONLAR
Lənkəranlı tələbələr istedad və yaradıcılıqlarını nümayiş etdiriblər
Lənkəran, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Humanitar Kollecində “Özünü təqdim et” lahiyəsi çərçivəsində Şəhər Gənclər İdman İdarəsinin dəstəyi ilə Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı tərəfindən istedadlı və yaradıcı tələbələrin təqdimatları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən kollecin direktoru Ruslan Həmidov layihənin əhəmiyyətini yüksək dəyərləndirərək, bu istiqamətdə tədbirlərin tələbələrin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini bildirib.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Əliyev layihənin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasını təmin etmək, rayonda ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatları ilə ictimai fəal gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirildiyini diqqətə çatdırıb.
Sonra Kollecin Tələbə Gənclər Təşkilatının sədri Sumarə Bağırzadə layihə barədə tələbələrə məlumat verib.
Kollecin tələbələri “Yanar bulaq kompleksi”, “Sosial media”, “Musiqi və rənglərin əlaqəsi”, “Azərbaycanda ilk kontarkultura”, “Musiqinin gözəlliyi, piano aləti”, “Bayağı musiqi və professional musiqinin fərqi”, “Məişət zorakılığı” mövzusunda layihələrini təqdim ediblər.
Sonda kollecin bir qrup müəllim və tələbəsinə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.