Lənkəranlı ziyalı: Həyat kitabımın ən parlaq səhifəsi Ulu Öndərlə olan görüşümdür
AzerTAg.az

Lənkəran, 1 fevral, İlkin Adıyev, AZƏRTAC
Hər bir şəxsin taleyi onun həyat kitabıdır. Bu həyat kitabında insanın bütün keçmişi sətir-sətir öz əksini tapır. Mənim həyat kitabımın ən parlaq səhifəsi isə Ulu Öndər Heydər Əliyevlə çay plantasiyasında olan görüşümdür.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində lənkəranlı ziyalı Kübra Ağayeva söyləyib.
O, Ulu Öndərlə görüşünü belə xatırlayır: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək üçün tez-tez rayonlara səfər edirdi. Belə səfərlərdən biri də 1982-ci ildə Lənkəran rayonuna olmuşdu. Keçirilən görüşdə gənclər, kənd zəhmətkeşləri, ziyalılar iştirak edirdi. Ulu Öndərə kəndimiz, çayçılıq haqqında geniş məlumat verildi. Heydər Əliyev isə kənd sakinlərinin üzləşdiyi çətinliklərlə maraqlandı. Bu çətinliklərin aradan qaldırılması ilə bağlı göstəriş və tapşırıqlarını verdi”.
Kübra Ağayeva deyir ki, Ulu Öndərin tarlada zəhmət adamları ilə səmimi ünsiyyəti gəncləri valeh etmişdi: “Heydər Əliyev danışdıqca onunla qürur duyurdum. Düşünürdüm ki, nə yaxşı Azərbaycan xalqının belə Lideri var. Daha sonra Ulu Öndər üzünü biz gənclərə tutub dedi: “Sizin arzu və istəkləriniz nədir, hansı peşənin sahibi olmaq istəyirsiniz?”. Mən həyəcanlı şəkildə “müəllim olmaq istəyirəm” dedim. Ulu Öndər bildirdi ki, Lənkəranda savadlı insanlar çoxdur. Gələcək nəsillərin bilikli yetişməsində isə müəllimlərin böyük zəhməti var. Dedi ki, çox istərdim oxuyub savadlı müəllimlər olasınız. Müəllim peşəsi çətin və şərəfli peşədir. İnsanın formalaşmasında və cəmiyyətin inkişafında müəllimin rolu danılmazdır. Ulu Öndərin bu çıxışından sonra öz üzərimdə daha çox çalışmağa, yeni biliklər əldə etməyə başladım. Qarşıma məqsəd qoydum ki, mütləq müəllim olacağam. Elə həmin il yüksək nəticə ilə ovaxtkı Lənkəran Pedaqoji Texnikumunun ibtidai sinif müəllimi fakültəsinə qəbul oldum”.
Müsahibimiz bildirib ki, onunla oxuyan tələbələrin demək olar, hamısı zəhmətkeş ailələrin uşaqları idi. Bu isə Ulu Öndərin kəndli balalarına, elmə, təhsilə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdu.
“Ulu Öndərimizi bu gün də qürurla, rəhmətlə anırıq. Azərbaycan dövləti və xalqı yaşadıqca, var olduqca, Heydər Əliyev də bizim qəlbimizdə daim yaşayacaq”, - deyə o qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var