SİYASƏT
Leonid Kuçma: Ukraynada seçkiqabağı vəziyyət mürəkkəb və gərgin olaraq qalır
Kiyev, 12 oktyabr, AZƏRTAC
Ukrayna prezidenti seçkilərinin rəsmi tarixinə - 31 mart 2019-cu ilə yarım ildən az vaxt qalır.
Ukraynanın sabiq prezidenti (1994-2005-ci illər) Leonid Kuçma AZƏRTAC-a eksklüziv müsahibəsində seçkiqabağı kampaniyanın bəzi məqamlarına aydınlıq gətirir.
-2019-cu il Ukrayna prezident seçkiləri ilidir. Bununla əlaqədar, ölkə hansı təhlükə ilə üzləşə bilər?
-Qarşıda bizi seçkilərlə bağlı gərgin il gözləyir: 2019-cu ildə bizdə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Belə çətin dövrləri 1994-cü və 2014-cü illərdə görmüşük. Həmin illər ölkəmiz çox mürəkkəb oldu. Lakin o vaxt dözdük, bu dəfə də dözərik.
Məni ən çox narahat edən elektoratın, xüsusən regional-coğrafi prinsip üzrə qütbləşməsidir. Axı indi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda Ukraynanı vahid dövlət kimi deyil, pərakəndə, hətta daha pis – parçalanmış ölkə kimi görmək istəyənlərin sayı çoxalıb. Siyasətçilər bunu yadda saxlamalı və ölkənin vəhdətini qoruyub saxlamaq üçün nə mümkündürsə etməlidirlər. İndiki məqamda bu, xüsusilə vacibdir.
-Siz seçkilər ərəfəsində Ukraynada vəziyyəti necə qiymətləndirisiniz?
- Ukraynada seçkiqabağı vəziyyət həmişəki kimi mürəkkəb və gərgin olaraq qalır. Mən bunu çox cəhətdən cəmiyyətin demokratikləşməsi ilə əlaqələndirirəm. Kim nə deyir desin, amma fakt belədir. Hətta fəaliyyətdə olan dövlət başçısı ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəndə də, bir qayda olaraq, ondan başqa daha 15-20 namizəd irəli sürülür. Bu, iqtisadiyyat üçün və daxili siyasət üçün əlavə gərginlikdir, lakin demokratiyanın təzahürü olan bu faktla hesablaşmaq lazım gəlir.
-Ukraynanın iqtisadi və siyasi uğurları üçün nə etmək lazımdır?
-Hakimiyyətin bütün şaxələri və orqanları iqtisadi problemlərlə daha çox məşğul olmalıdırlar. Özü də sadəcə bu problemlər barədə danışmaqla kifayətlənməyib konkret problemləri həll etməlidirlər. Ukraynanın siyasi uğuru məsələsinə gəldikdə isə mən əminəm ki, hakimiyyətdə olan siyasi partiyaları birləşdirən məqsəd bundan ibarət olsa bu mümkündür. Lakin əgər hər partiya “yorğanı öz üstünə çəksə” və ya daha pis – “nə qədər pis olsa, bir o qədər yaxşıdır” prinsipi üzrə fəaliyyət göstərsə ümumi uğura nail olmaq mümkün deyil. Həm Ukraynanın, həm də başqa ölkələrin acı tarixi təcrübəsi bunu sübut edir.
-Siz Dağlıq Qarabağ probleminin ədalətli həllini necə təsəvvür edirsiniz?
-Dağlıq Qarabağ problemi çox mürəkkəbdir, bu səbəbdən də 30 ildir ki, həll olunmur. Mən Ukraynaya dair Minsk danışıqlar prosesi çərçivəsində müsahibələrimdə bu mənfi nümunəni tez-tez yada salıram. Azərbaycan ilə Ermənistan arasındakı dondurulmuş münaqişə kimlərəsə çox sərf edir. İnanıram ki, əgər belə olmasaydı, iki ölkə beynəlxalq diplomatiyanın köməyi ilə bu problemin müharibəsiz həllini tapa bilərdi. Bu, ədalətli həll olmasa da, ən azı konsensusa əsaslanan - sülhə aparan həll olardı.
Emil Hüseyinli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev