ELM VƏ TƏHSİL
Lerik rayonunda 2 modul tipli məktəb quraşdırılacaq
Bakı, 16 may, AZƏRTAC
Lerik rayonunda 2 modul tipli məktəb quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 16 may tarixli Sərəncamında öz əksini tapıb.
Lerik rayonunun Kəlvəz kəndində 56 şagird yerlik modul tipli tam orta məktəb, Anburdərə kəndində isə 56 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq. Məktəblərin hər birinə 285 min manat ayrılıb.
Qeyd edək ki, Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5 milyon manat bu Sərəncamın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncama əlavədə 15 modul tipli məktəbin quraşdırılması üçün nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.