REGİONLAR
Lerikdə Azərbaycan Uşaqlarının Ümumrespublika Forumuna seçim turu keçirilib
Lerik, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə 2021-ci ilin noyabr ayında keçiriləcək Azərbaycan Uşaqlarının Ümumrespublika Forumuna seçim mərhələsi çərçivəsində öz intellektual keyfiyyətləri, fəallığı ilə seçilən, fikirlərini sərbəst izah edən uşaqların seçimi təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Foruma növbəti seçim turu sentyabrın 21-də Lerik Rayon Heydər Əliyev Mərkəzində reallaşıb. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev uşaqlarla “Erkən nikahların fəsadları”, “Narkomaniya ilə mübarizə”, “Uşaq hüquqlarının pozulması” və “Uşaqların təhsilə cəlb olunması” mövzusunda fikir mübadiləsi aparıb.
Tədbirdə iştirak edən 20 uşaq arasında seçilən iki fəal uşaq Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunda iştirak edəcək.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə 2009-cu, 2011-ci, 2014-cü və 2017-ci illərdə, ümumilikdə, 4 forum keçirilib.
Forumun keçirilməsində məqsəd, uşaqların öz hüquqları ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etməsi, qərar qəbul etməsi və problemin həlli istiqamətində təkliflər verməsi, uşaq hüquqlarının qorunması sahəsində ictimaiyyətin diqqətinin bu sahəyə artırılmasıdır.