REGİONLAR
Lerikdə Beynəlxalq Qadınlar Günü qeyd edilib
Lerik, 9 mart, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə qadınları təbrik edib. Azərbaycan qadınının respublikamızın ictimai-siyasi həyatında fəal rol oynadığını deyən R.Bağırov onların istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, yaşadılmasında və təbliğində müstəsna xidmətlər göstərdiklərini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev qadınlara, onların təhsil, səhiyyə, idarəetmə və digər sahələrdə irəli çəkilmələrinə hər zaman yüksək diqqət və qayğı göstərir. O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dünyada müasir Azərbaycan qadınını uğurla təmsil və təbliğ etdiyini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, lerikli qadınlar rayonun müxtəlif təşkilatlarında, dövlət və yerli özünüidarəetmə orqanlarında uğurla fəaliyyət göstərirlər. Onlardan bir neçəsi Azərbaycan Prezidenti tərəfindən fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.
Görüşdə şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Usiya Məmmədova, şəhər 1 nömrəli texniki təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva və liseyin müəllimi Dünyaxanım Kərimova çıxış edərək son illər Lerikdə aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilib.