REGİONLAR
Lerikli xalça ustası: Xalça toxumaq üçün riyaziyyatı yaxşı bilməlisən
Lerik, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lerikli xalça ustası İqamət Əliyev 2008-ci ildən başlayaraq dünya ölkələrinin bayraqlarını ilmələrlə xalı üzərinə köçürür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünyanın bütün ölkələrinin bayraqlarını miniatür xalça kimi toxuyacağını qarşısına məqsəd qoyan lerikli sənətkar indiyədək 25 ölkənin bayrağını ərsəyə gətirib.
Müasir miniatür xalçalar toxuyan lerikli ustanın ilk əl işi Azərbaycan Respublikasının dövlət bayrağını hazırlamaq olub. O, gələcək planlarından danışaraq deyib: “Məqsədim dünyanın 200-dən artıq ölkəsinin bayrağını xalça kimi ərsəyə gətirməkdir”.
İxtisasca iqtisadçı olan İ.Əliyev bildirib ki, yaxşı xalça toxumaq üçün riyaziyyatı yaxşı bilmək lazımdır.
Bir miniatür xalçanın hazırlanmasına 3-4 gün vaxt sərf edən lerikli sənətkar əl işlərinin arasında Azərbaycan bayrağını təsvir edən xalçadan başqa digər əl işlərini 35-40 manata satdığını deyib.
Onun əl işləri arasında həcminə görə ən kiçik xalça isə ümummilli lider Heydər Əliyevin imzasını əks etdirən miniatür xalçadır. Onun iynə ilə toxuduğu bu sənət əsəri dörd aya ərsəyə gəlib.