ELM VƏ TƏHSİL
Leyla İmanova: Yeni çağırışlara əsasən kitabxanalar təmsil etdikləri icmaların mərkəzinə çevrilməlidir
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər” mövzusunda tədbir keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın direktoru Leyla İmanova “Mərkəzi Elmi Kitabxananın strateji hədəfləri və tətbiqi fəaliyyəti” mövzusunda çıxış edib. Tədbirin məqsədinin müasir kitabxana-informasiya çağırışlarını və trendlərini müzakirə etmək olduğunu bildirən L.İmanova MEK-in 2015-ci ildə müəyyən edilmiş məramı və strateji hədəflərinin icrasına dair məlumat verib.
Kitabxanalar üçün vaxtilə aktuallıq kəsb edən çağırışları müasir dövr ilə müqayisə edən MEK-in direktoru əlavə edib ki, yeni çağırışlara əsasən kitabxanalar mütləq təmsil etdikləri icmaların mərkəzinə çevrilməli, göstərilən xidmətlər ilk növbədə istifadəçilərin maraqlarını nəzərə almalıdır.
L.İmanova informasiyanın kiber və kontent təhlükəsizliyi, kitabxanaların elektron kataloqlarının tətbiqi sahələri, sərbəst elektron resursların formalaşdırılmasında iştirakın zəruriliyindən danışıb. O, ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verməsinin vacibliyini vurğulayıb.
Sonra “Müasir kitabxana-informasiya çağırışları və trendlər” mövzusunda çıxış edən Berlin Humboldt Universitetinin professoru Klaudia Lyuks bildirib ki, bu istiqamətdə çağırış və trendlər yeni texnologiyaların tətbiqi dərəcəsinə görə dəyişir. İnformasiya bazası qlobal biliklərlə genişləndikcə daha sürətli rabitəyə ehtiyac duyulur. Müasir dövrün tələblərinə cavab vermək istəyən kitabxana qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına malik olmalıdır. Professor çıxışında kitabxana-informasiya proseslərində yeni texnika və texnologiyaların tətbiqi məsələləri, ənənəvi və elektron kitabxanada iş prosesi, elektron kataloqun hazırlanmasında yeni formatlar və rəqəmsallaşdırılmış kitabxana-informasiya sistemləri barədə geniş məlumat verib. Vurğulanıb ki, yeni sistemə inteqrasiya olunmaq, oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi kitabxananın əsas hədəflərindən olmalıdır.
Sonra K.Lyuks kitabxanalarda mühafizə edilən və oxucuların istifadəsinə verilən sənədlərin müəllif hüquqlarının qorunması və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Tədbirdə kitabxanalara tətbiq edilən yeni proqram formatlarının üstün cəhətləri, mövcud elektron kataloqların müasir formatlara konvertasiya imkanları, formalaşdırılan biblioqrafik məlumatların digər kitabxanalar üçün əlçatanlığı, yeni formatlara keçidin gətirdiyi üstünlük və çətinliklərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Dəyirmi masada dünya informasiya məkanına inteqrasiyanın hər bir kitabxananın maraqlarına uyğun olduğu vurğulanıb.
Sonra Leyla İmanova almaniyalı qonağa Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin alman dilində çap olunmuş əsərlər toplusunu hədiyyə edib. Professor K.Lyuks elmi məqalələrini kitabxanaya təqdim edib və MEK ilə müəllif müqaviləsi imzalayıb.