DÜNYA


Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub VİDEO

Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub  VİDEO

Vyana, 18 iyul, AZƏRTAC

Aramsız yağan leysan yağışları və çayların məcrasından çıxması Avstriyanın bir sıra bölgəsində dağıntılara səbəb olub.

AZƏRTAC xəbər verir ki, iyulun 17-də axşamdan başlayan güclü yağış nəticəsində Kotbax çayında suyun səviyyəsi qalxıb və Zaltsburq əyalətinin Hallayn şəhərinin qədim mərkəzi su altında qalıb. Eləcə də Yuxarı Avstriya əyalətində torpaq sürüşmələri və daşqınlar baş verib.

Avstriyanın dağlıq regionlarında yağıntıların hələ də davam edəcəyini nəzərə alaraq, rəsmi qurumlar həyəcan xəbərdarlığı elan ediblər. Zaltsburq və Yuxarı Avstriya əyalətlərində şənbədən bazar gününə keçən gecə fövqəladə halların aradan qaldırılması üçün yanğınsöndürən və xilasedicilər 669 məntəqədə fəaliyyətdə olublar.

Güclü yağıntılar Tirol əyalətində, eləcə də paytaxt Vyana və onun ətraf ərazilərində problemlər yaradıb. Yağıntıların çaylarda suyun səviyyəsini daha da artıracağını nəzərə alaraq, hazırda təhlükəli hesab edilən ərazilərdə çayların sahili bərkidilir, bəndlər qurulur.

Avstriyada son onilliklərdə dəfələrlə daşqınlar baş verdiyinə görə, daşqınlara qarşı təkmil mühafizə sistemi qurulub. Rəsmi qurumların məlumatına görə, fərdi yaşayış evləri, əmlak və təsərrüfatlara zərər dəysə də, əhali arasında ölüm halları baş verməyib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.