“Life Division” MMC-nin Azərbaycandakı filialının aktivlərin idarəedilməsi sahəsində fəaliyyəti dayandırılmışdır
AzerTAg.az
Bakı, 10 aprel (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) apardığı nəzarət tədbirləri nəticəsində Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “İnnovative İnternational Group Ltd” holdinq qrupuna daxil olan “Life Division” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvafiq lisenziya alınmadan aktivlərin idarəedilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunmuşdur.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, aprelin 8-dən həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilmişdir. QKDK “İnnovative İnternational Group Ltd” və ya “Life Division” MMC-nin müştərisi olan investorları bu şirkətlərlə münasibətlərdə onların Azərbaycan ərazisindəki fəaliyyətinin qanunsuz olduğunu nəzərə almağa çağırır.
Komitə, həmçinin aktivlərin idarəedilməsi fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növü olduğunu bildirir və vətəndaşları bu fəaliyyətin reklamları zamanı diqqətli olmağa dəvət edir.
Xəbərin mətnində orfoqrafik səhv var