ELM VƏ TƏHSİL
Liseylərin beşinci sinfinə qəbul üzrə elektron qeydiyyat başlanıb
Bakı, 12 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərə beşinci sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə beşinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-dək davam edəcək.
İyunun 12-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin beşinci sinfinə qəbul üçün 1.130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.
Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, beşinci sinfə elektron sənəd qəbul “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.