DÜNYA


Litva ilk dəfə olaraq BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib

Vilnüs, 18 oktyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən seçkilərində Litva 2022-2024-cü illər üçün BMT İnsan Hüquqları Şurasına üzv seçilib.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, BMT-yə üzv olan 178 ölkə Litvanın üzvlüyünün lehinə səs verib. Qeyd olunub ki, bu vaxta qədər Şuradakı fəaliyyətini müşahidəçi qismində həyata keçirən Litva 2022-ci il yanvarın 1-dən etibarən üç il ərzində ilk dəfə olaraq tamhüquqlu üzv olacaq.

Nazirlik qeyd edib ki, Litvanın üzvlük dövrü ərzində prioritetləri əsasən uşaqların və xəstə insanların hüquqlarının müdafiəsinə, insan hüquqları müdafiəçilərinin təhlükəsizliyinə, münaqişə bölgələrində insan hüquqlarının təmin edilməsinə və insan haqlarının pozulması hallarına vaxtında cavab verilməsinə yönəlib. Bundan sonra qadın və qızların hüquqlarının, söz azadlığının, dinc toplaşma və birləşmə, jurnalistlərin təhlükəsizliyi, din və məzhəb azadlığının müdafiəsi üzrə fəal iş davam etdiriləcək.

Qeyd edək ki, 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən BMT-nin İnsan Hüquqları Şurası 47 üzv dövlətdən ibarət olan BMT-nin hüquq müdafiəçisi qurumudur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.