DÜNYA
Liviyanın gündəlik neft hasilatı üç dəfə artıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Liviyanın sutkalıq neft istehsalı üç dəfə artıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, mənbələrə görə, Liviyada tankerlər limana yaxınlaşaraq anbarlardan neft yükləməyə başlayıb. Bu da daha çox hasilat deməkdir. Ölkədə neft istehsalı təxminən üç dəfə artaraq sutkada 250 min barrelə çatıb.
Qeyd edək ki, Liviyanın neft sənayesi yenidən canlanır. Dövlətə məxsus “National Oil Corp”un açıqlamasına görə, ölkədə qanuni öhdəlikləri və hasilatı donduran fors-major vəziyyət sonlandırılıb və müəyyən bölgələrdə neft hasilatı yenidən bərpa edilib. Liviya dövlətə məxsus enerji şirkətinin muzdlu əsgərlər tərəfindən tutulmayan neft yataqları və limanlarda ixracı bərpa edəcəyini açıqlamasından sonra ölkənin neft sənayesini yenidən canlanır. “National Oil Corp” təhlükəsiz neft müəssisələrində fors-major vəziyyəti sonlandıraraq istehsala yenidən başlayacağını, lakin milislərin olduğu ərazilərdəki neft obyektlərinin bağlı qalacağını açıqlayıb.
Xatırladaq ki, 10 ildən çoxdur davam edən və bir çox qruplaşmanı əhatə edən Liviyadakı vətəndaş müharibəsində neft müəssisələri mühüm rol oynayırdı. General Xəlifə Haftarın enerji infrastrukturunu mühasirəyə almasından sonra ölkədə gündəlik xam neft istehsalı bu ilin yanvar ayında 1 milyon barreldən 100 min barrelə düşüb.
“Goldman Sachs”ın proqnozuna görə, cari ilin sonuna qədər ölkənin neft istehsalı sutkada 550 min barrelə, gələn ilin ortalarında isə gündəlik 1 milyon barrelə çata bilər.
Ekspertlərin fikrincə, koronavirus məhdudiyyətlərinin yeni dalğası neft qiymətlərinin bərpasını ləngidir. Bundan əlavə, treyderlərin indi bir problemi var ki, o da Liviyadır. Liviya nefti koronavirusa yoluxma hallarının artdığı və neft bazarında volatilliyin yüksək olduğu vaxtda bazarlara qayıdır. Neft sənayesinin dirçəlişini nəzərdə tutan əvvəlki razılaşmanın uğursuz olduğunu nəzərə alsaq, Liviya nefti barədə danışmaq hələ tezdir.
Qlobal bazarların gündəmində olmasa da, “OPEC+” koalisiyasının aprel ayından bəri hasilat məhdudiyyətlərini nəzərə alsaq istehsaldakı hər hansı artımın qiymətlərə aşağı istiqamətli təzyiq göstərəcəyi istisna edilmir.
Liviyada hər şey planlaşdırıldığı kimi getsə, bazara əlavə 1 milyon barrel neft daxil olacaq və bu, “qara qızıl”ın qiymətinin artmasına mane ola bilər.