CƏMİYYƏT
Londonda yaşayan azərbaycanlılar Qələbəni qeyd ediblər
London, 11 noyabr, AZƏRTAC
Britaniyada yaşayan azərbaycanlı icmasının 100-dən artıq nümayəndəsi noyabrın 11-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasının qarşısına toplaşaraq Qələbəni qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, səfir Tahir Tağızadə icma üzvlərini salamlayıb və onları Qələbə münasibətilə təbrik edib.
Diplomat bu Qələbəni xalqımıza yaşatdığına görə Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür edib. O, göstərdikləri vətənpərvərlik və təəssübkeşliyə görə icma nümayəndələrinə minnətdarlığını bildirib. Səfir bildirib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlıya bu böyük qələbə münasibətilə təşəkkür düşür.
Sonra səfir və icma üzvləri Azərbaycanın Dövlət Himnini oxuyublar.
İcma üzvləri “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan!” kimi şüarları səsləndiriblər.
Daha sonra Britaniyadakı azərbaycanlı icmasının nümayəndələri səfirliyin qarşısında milli vətənpərvərlik ruhunda musiqilərin fonunda rəqs edərək qələbənin sevincini yaşayıblar. Eyni zamanda, Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərlə səfirliyin qarşısında dövrə vurublar.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London