DÜNYA
Londondakı məşhur “Abbey Road” küçəsinin lövhəsi 37 min funt sterlinqə satılıb
London, 5 mart, AZƏRTAC
Londondakı məşhur “Abbey Road” küçəsinin lövhəsi 37 min funt sterlinqə satılıb.
AZƏRTAC xəbər verir ki, Londonda keçirilən onlayn auksionda şəhərdəki məşhur “Abbey Road” küçəsinin lövhəsi 37 min funt sterlinqə alıcı tapıb. Eyniadlı məşhur musiqi səsyazma studiyası bu küçədə yerləşir.
Küçənin şöhrət qazanmasının əsas səbəblərindən biri də məşhur “The Beatles” qrupunun 1969-cu ildə çıxan albomuna bu adı verməsidir. Musiqi tarixinin ən ikonik albom üzlüklərindən birinə sahib olan albomun fotoşəkli də həmin küçədə çəkilib.
Ağ fonda qara və qırmızı rənglərlə yazılmış bu lövhə Ser Mişa Blək tərəfindən 1967-ci ildə Vestminster Siti üçün dizayn edilib.
Qeyd edək ki, “Abbey Road” studiyası dünyanın ən məşhur səsyazma studiyalarından biridir. Studiyanın yerləşdiyi ev 1829-cu ildə tikilib və 1928-ci ildə “Gramofon Company” tərəfindən alınıb. Şirkət daha sonra onu bir səsyazma studiyasına çevirməyə qərar verib. İlk fəaliyyətə başlayan zaman klassik musiqiləri qeydə alan studiya daha sonra caz, pop və rok musiqilərini də repertuarına daxil edib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London