SİYASƏT
Lüdovit Odor: Slovakiya Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıdır


Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Bu sahədə əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan ilə Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov Slovakiya şirkətlərinin və sərmayədarlarının da görülən işlərə verə biləcəyi mümkün töhfədən danışıb.
Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.